• Əsas məsələ güclü olmaqda deyil, özünü idarə etməyi bacarmaq lazımdır.
  • Mənim şəxsiyyətimin formalaşmasında Allahın kitabı “Quran-i Kərim”in təsiri olub

 

Diplomat olmağın məziyyətləri nələrdir və bunun faydası nədir?

İndiki zamanədə diplomat olmaq üçün lazım olan tələblər klassik mənadakı tələblərdən fərqlidir. Əsrin əvvəllərində ancaq məlumat tələb olunurdu. Diplomatiya bir çox bacarıq, dil məharəti və əlbəttə ki, məlumat və bir yerdən başqa yerə getmə tələb edir. Günümüzdə tələblər ziddiyyət təşkil edir. İnternet üzərindən məlumat axını diplomatiyanı gözdən salır çünki, məlumat səfirliklər vasitəsilə ötürülmür. Səfirlik məlumatı geriyə ötürməmişdən öncə məlumat artıq həmin ünvanda olur. Analizi də artıq internetdə olur, beləcə, artıq təkcə məlumatın xammal olaraq ötürülməsi yox, həm də analizi və hansı ölçüdə, hansı stildə olması da internetdə mövcuddur. Yəni bu mənada günümüzdə diplomatiyanın tələbləri fərqlidir.

Bəs yaxşı tərəfləri?

Yaxşı tərəfləri? Diplomatiya diplomatın dünyanı gəzməsi, fərqli dilləri, fərqli mədəniyyətləri başa düşməsi üçün imkan yaradır, bu da öz növbəsində insanda mövqe formalaşdıran amillərdəndir. Bu mənada bu, davamlı olaraq təcrübə qazanmaq deməkdir.

IMG_5690Diplomat olmasaydınız, hansı peşəni seçərdiniz?

Əgər diplomat olmasaydım, şübhəsiz, diplomatiyanı seçərdim. Peşəmi sevirəm. 28 ildir ki, çalışıram, yaşlı deyiləm amma 28 ildi. Əgər istəməsəydim, təbii ki, 28 il uzun bir müddətdir. Başqa sahəyə yönələ bilərdim, buna imkanım da var idi, amma etmədim.

Necə oldu ki, bu işi bu qədər çox sevdiniz?

Bu işi ona görə sevdim ki, mənə öyrənməyi, özümü inkişaf etdirməyi, özümü yoxlamağı təlqin etdi. Müharibə şəraitində olan ölkələrdə olmuşam. Küveyti təmsil edirəm. Küveyt kiçik sülhsevər ölkədir. Bir küveytli üçün qanlı müharibə şəraitində yaşamaq.. 8 il müharibə edən İraq və İran kimi yerlərdə…Çətindir. Müharibə qurtarmamışdan bir öncəsinə kimi orada yaşadım. Bu da öz növbəsində mənə, insan haqqında və fərqli situasiyalarda nə cür davranacağını öyrənməyə cəsarətləndirdi. Beləcə, bu, peşəmi sevməyimdə əsas amil oldu.

Yaxşı yadımdadır: hamı mənə sual verirdi ki, Yaponiya necə bir yerdir? Və mən, özümdən asılı olmayaraq “Yaponiya elə yaponsayağıdır” – deyirdim, insanlar da gülürdü. Sonra izah edirdim ki, Yaponiya qloballaşan dünyada çox özünəməxsus bir ölkədir. İndi bir çox ölkələr bir-birinə bənzəyir. Bu ölkə dəyişməyib və Tokioya ayaq basar-basmaz artıq hiss edirsən ki, sən məhz Yaponiyadasan.

Sizi dəyişən, sizə təsir edən 3 insan yaxud 3 kitab.

Deməli, mənim şəxsiyyətimin formalaşmasında, mənə təsir edən və hələ də təsiri üzərimdə olan kitab Allahın kitabı – Quran-i Kərimdir.

İndiyə qədər hər dəfə Quranın ayələrini oxuduqca yeni nələrsə öyrənirəm. Öyrəndikcə də daha əvvəl öyrəndiklərimdən fərqli şeylərin olduğunu dərk edirəm. Beləcə, Quran, fikrimin və şəxsiyyətimin formalaşmasında mühüm rol oynayıb. Ağlıma gələn digər bir kitab isə, əsasən, bəddi əsərlər sevirəm, Britaniyalı müəllif Fridrix Forsaytın əsərlərini oxuyuram.

Çoxlu sayda romanları var. İkona adlanan bir əsəri var, hansı ki, uydurmadır. Əlində kifayət qədər kəşfiyyat məlumatları yaratdığl obraz vasitəsilə istifadə edərək əsər yazıb və əsər qurtaranda bilmirsiniz ki, bu həqiqətdir yaxud da uydurma. Foresaytın – İkonanın böyük təsiri olub mənə. Bu kitabın mənim diplomat olmağımda da böyük rolu var. Mütəəssir olduğum çoxlu kitablar var, ancaq kitab və ya insan, deyim ki, həyatımda təsiri olan insan Stiv Cobsdur. İndi o ölüb və hamı Stiv Cobs haqda çəkilən kinodan danışır. Onun dəyanətinə heyran idim, baxmayaraq ki, hamı onun fikirləri ilə razılaşmırdı, ancaq o, təkidlə etdiyinə inanırdı və bu mənə çox təsir edib.

Özünüzlə nə vaxt fəxr etmisiniz? Hansı halda olub?

Mən özümlə o zaman fəxr edirəm ki, kiminsə üzündə təbəssümə səbəb olum, o zaman fəxr edirəm ki, kiminsə gözlərindən yaşları silirəm. Əsasən, belə hallarda özümlə qürur duyuram. Qürurun klassik stereotipi mənlik deyil. Qüruru maddiyyatda yox, müəyyən bir dəyər yaratmaq görürəm. Məncə, dəyər yaratmaq qürur duymaq üçün qəbul olunan bir səbəbdir. Dəyər yaratmayan kəs necə qürurlu ola bilər axı?

IMG_4937
İnsanda nəyə dəyər verirsiniz?

İnsanda gözlənilməzliyə önəm verirəm. Demək istəyirəm ki, insan çox güclü varlıqdır, həyatda çoxlu yaxşılıqlar edə bilir və eyni zamanda, çoxlu sayda pis əməllər törədir. Bu xarakterdən heç vaxt bezmərəm. Hər dəfə yeni insanlarla tanışanda bu hallara nəzər yetirirəm. Əgər həmin bacarığı pis yöndə istifadə edirsə, həmin adamı pisdir mənim üçün. Əksinə, bu xarakterini yaxşı əməllər görmək üçün istifadə edirsən, o yaxşı adamdır. Beləcə, həyat heç vaxt sıxıcı olmur.

Uşaqlarınıza həyata dair hansı məsləhətləri verirsiniz?

Uşaqlarıma həmişə deyirəm ki, həyat gözəldir. Siz həm səxavətli, həm də ağıllı olmalısınız. Yalnız səxavətli olsanız, xəyalpərəst olacaqsınız, məmnunluq ardınca qaçacaqsınız. Burda pis bir şey yoxdur. Pis olan – dünyadan ancaq məmnunluq ummaqdır. Burda isə iti ağıl işə düşür – ağıl bizim həyata olan ehtirasımızı idarə edir, sevgimizi, bəyəndiklərimizi sıralayır. Mən əyləncəni sevirəm, amma yekun imtahanım var, deməli, mən özümü saxlamalı, gedib dərslərimi oxumalı, imtahana hazır olmalıyam. Uşaqlarıma həmişə tarazlığı saxlamağı tövsiyə edirəm. Allah bizi normal, tarazlığı əsas götürərək yaradıb. Biz də ləzzəti, işimiz, uğurlarımızı taraz saxlamalıyıq.

Hər hansı kolleksiyanız varmı və yaxud da hobbiniz?

Hobbilərimi deyə bilmərəm. Ancaq qaydaları pozuram: əlbəyaxa döyüşlərdir. Karate və cüdo ilə başlamışam. Sonra Kunq-fuya həvəs göstərdim. Kunq-fu mənim bir nömrəli hobbimə çevrildi. Ciddi qəbul elədim onu, fəlsəfəsini öyrəndim. Bu sadəcə fizik hərəkətlərdən ibarət deyil. Ən sonda aykidonu öyrənmişəm. Hərdən bəzi hərəkətlər edirəm, amma mən sakit adamam, diplomatam, istifadə etmirəm ondan.

Bu idmanlar zamanı hər hansı hadisə xatırlayırsınızmı?

Təsadüfi hadisələr çox olub, amma yaxşı olanları deyəcəyəm. Amerikada oxuyanda bəzi hərəkətləri öyrənirdim. Dojoda məşq edirdik. Dojo – praktika üçün nəzərdə tutulmuş yerdir. Orda ciddi olmalısan, hörmət etməlisən oraya. Amerikanın mərkəzi küçələrindən birində yerləşirdi. Gecə vaxtı məşq edirdik və birdən bir sərxoş kişi ayaqqabıyla içəri girdi. Adətən, içəri girəndə ayaqqabıları çıxarırsan və usta oradadırsa, salam verirsən, yoxdursa, divardakı şəklinə salam verirsən. Sərxoş afro-amerikalı bir şəxs idi. İçəri girdiyini bilmirdik. Birdən gördük ki, sərxoş cənab gəldi və məzəli hərəkətlər etməyə başladı qarşımızda. Ustamız 4-cü dan qara kəmər sahibiydi – bu səviyyəyə sahib az adam var. Ustamız nəzakətlə sərxoşla danışmağa başladı. Baxmayaraq ki, söyüş söyürdü adam, bizim ustamız əhvalını pozmadan davam etdi danışığına. Kişi çıxıb getdi. Bu bizə böyük bir dərs oldu. Əsas məsələ güclü olmaqda deyil, özünü idarə etməyi bacarmaq lazımdır. Ağlını işlətməyi bacarmalısan. Ağlı işlətmək kunq-funun tərkib hissələrindən biridir.

Həyat şüarınız nədir?

Kim cəsarət edirsə, qazanır! Bu şüarı Britaniya Kral Hava Qüvvələrindən öyrənmişəm. Bu o deməkdir ki, igid olan kəs şəksiz qalib gələcək. Kim bacarmırsa, alınmayacaq.

Bu otaqda nə qədər vaxt keçirirsiniz? Nə qədər dəyərlidir bu otaq sizin üçün?

Bura, sözün əsl mənasında, mənim məbədimdir. Burada mən düşünürəm, ümidlə ideyalar, planlar, layihələr fikirləşirəm. Burada mən insanları qəbul edir, və dəyərlər yaradıram. Bayıra çıxanda isə icra vaxtı olur, düşünmək yox. Düşünmək, planlaşdırmaq, fəlsəfəsini yaratmaq üçündür bura. Bayır isə yerinə yetirmək üçündür. Planları reallaşdırmaq üçün. Buna görə, buranı məbədim hesab edirəm.

İnsanlarda hansı xasiyyətlərin olmağını üstün tutursunuz?

Hər bir insanda etibar olmağı əhəmiyyətlidir. Etibarlı olmaq o deməkdir ki, sənin bir istinad nöqtən var. Buddizmə inanırsansa, deməli, sənin istinad nöqtən Buddanın təlimləridir. Həyata atılırsan, insanlarla tanış olursan, qarşılıqlı ünsiyyətdə olursan, mövqelər, ideyalarla tanış olursan. İstinad nöqtən yoxdursa, heç nəyin olmayacaq. İstinad nöqtən olandan sonra, nəyəsə inandıqdan sonra həyatda nələrəsə sahib ola bilərsən. Anarxist olmaq, hər şeyi itirmək deməkdir. Mən belə hesab edirəm. Ola bilsin ki, bəziləri bunu azadlıq kimi dəyərləndirir.

Mənə görə, azadlıq qandallardan azad olmaqdır. Azərbaycan türkçəsində necədir? Qandal? Qandallardan azad olmaq azadlıqdır, yalnız özün özünü mühakimə edirsən. Qanunlar yoxdur. Kim deyə bilər ki, qırmızı rəngdir ya rəng deyil? Çünki, istinad nöqtən yoxdur. Bax, burada azadlıq qandallanır, özün yaratmalısan. Bilmirəm, nə dərəcədə izah edə bildim, amma ümid edirəm ki, nəsə aydın oldu.

Yaşadığınız ölkələrlə ya da Küveytlə Azərbaycan arasında nə kimi fərqlər var?

Azərbaycan gənc ölkədir, həm də müasirdir. Bilirəm ki, 1918-ci ildə yaranıb. İki il mövcud oldu və sonra dəyişikliklər oldu. Azərbaycan min illər öncə tarixdə mövcud olub. Bəzi hadisələr olub ki, orada Azərbaycanın imzası olub, ancaq müasir Azərbaycan gənc insanı xatırladır, hansı ki, ümid doludur və bacardıqca ən yaxşısını etmək istəyir. Azərbaycan da mənə təsir edib bu mənada. Yaponiyada, Honq Konqda, Çexiyada və İraqda yaşamışam. Kariyeram boyunca bu dörd ölkədə yaşamışam. Əlbəttə, Azərbaycan bunlardan fərqlənir.

 

 
Gəzinti və söhbət. Şəkillər. cənab prezident İlham Əliyevlər ilk görüşümdür. Etiqadnaməmi təqdim edərkən. Məzəli bir hadisə olmuşdu: protokola əsasən mənə deyilmişdi ki, on beş dəqiqə vaxtım var. Dedim ki, yaxşı, yaxşı. Siz deyəndir. İçəri keçdim və cənab prezidentlə oturdum. Elə səmimi qarşıladı ki məni, görüşümüz 45 dəqiqə çəkdi. Qorxdum ki, Elçin bəy görüş uzun çəkdi deyə pis olacaq, amma mənim cavabım hazır idi: “Nə edə bilərəm axı? Bu ki, cənab prezidentdir!” Belə..Bu mənim cənab prezidentlə ilk görüşüm idi. Burada əmirim, Küveyt dövlətinin başçısı, uzun müddət Xarici İşlər Naziri işləmiş Şeyx Sabah əl-Əhmədlə bu ilin martında Küveytdə səfirlərin toplantısında idik. Deməli belə. Bu mənə ən əziz olan şəkildir. Birbaşa rəisim – Xarici İşlər Naziri. Baş nazirin müavinidir həm də. Bu da mənəm – başqa qiyafədə. Arxadakı Küveyt Qülləsi adlanan Küveytin Ağ Şəhərdə olan ilk investisiyasıdır. Bu, bir müddət üzərində işlədiyim layihədir və ümid edirəm ki, açılışına dəvət olunacağam. Bu, Azərbaycanı təşrif buyuran Fələstin prezidenti Mahmud Abbasdır. Hava limanının qəbulundayıq. Bu İraq Xarici İşlər Naziri cənab Zibaridir – İraq səfirliyinin iqamətgahındayıq. Bu bizim dostumuz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının səfiridir. BMT-nin Bakıdakı missiyasının nümayəndəsidir. Məncə elədir.

Bu otaqda ən sevimli əşyanız nədir?

Əlbəttə ki, bu Azərbaycan xalçasıdır. Çox xoşbəxtəm ki, Nəqliyyat Naziri cənab Ziya Məmmədov bunu mənə hədiyyə edib. Orijinal xalçadır. Puldan daha qiymətli bir şeydir. Məndə başqası da var, sizə göstərəcəyəm. İşçilərimi sevirəm. Onlar da fikirləşir ki, mən yaxşı müdirəm. Yəqin biləcəklər ki, yanılırlar. (hırıldayır) Bu hədiyyəni mənə veriblər. Səfirlikdə mənim personalım tərəfindən hədiyyə olunub. Bu Azərbaycanı təmsil edir və mən bunu göz bəbəyim kimi qoruyacağam. Çox sentimentaldır, çünki insanlarla bağlıdır. İnsanların ürəklərini və ağıllarını fəth edirik. Bu hislərdən də o üstündür.

Çox sağ olun!

Tags: